Naxçıvan Dövlət Texniki Kolleci orta ixtisas təhsili müəssisəsi kimi 25 fevral 1925-ci ildə Naxçıvan Muxtar Respublikasının IV Sovetlər qurultayında “Naxçıvan Kənd Təsərrüfatı Texnikumunun yaradılması haqqında” qərarın qəbul edilməsindən sonra yaradılmışdır. Həmin qərara əsasən 1925-1926-cı tədris ilində Naxçıvan Kənd Təsərrüfatı Texnikumu kənd təsərrüfatının mexanikləşdirilməsi və aqronomluq ixtisasları üzrə 41 nəfər tələbə ilə fəaliyyətə başlamışdır.
- Kollec 1971-ci ilin sentyabr ayınadək Naxçıvan Kənd Təsərrüfatı Texnikumu kimi fəaliyyətini davam etdirərək müxtəlif ixtisaslar üzrə kadr hazırlığı ilə məşğul olmuşdur.
- 1971-ci ildə Babək rayonunun Şıxmahmud kəndinə köçürülərək burada toxumçuluq sovxozu ilə birləşdirilmiş və M.Hüseynzadə adına “Naxçıvan Sovxoz Texnikumu” adını almışdır.
- Həmin zamanlar texnikuma Azərbaycanın digər rayonlarından və qonşu respublikalardan soydaşlarımız da təhsil almaq üçün gəlirdilər. Həmin vaxtdan 1990-1991-ci tədris ilinədək texnikum Babək rayonunun Şıxmahmud kəndində fəaliyyət göstərmişdir.
Aqrar islahatın başlanması və ictimai təsərrüfatın ləğv olunması ilə əlaqədar olaraq texnikum 1991-ci ilin sentyabr ayında Naxçıvan şəhərində yerləşən tələbə yataqxanasına köçürülmüş və Naxçıvan Kənd Təsərrüfatı Texnikumu adını almışdır. 03 may 1997-ci ildən 11 sentyabr 1999-cu ilədək Naxçıvan Aqrar Sənaye Kolleci adı altında fəaliyyət göstərmiş və 15 sentyabr 1999-cu il tarixdən 25 oktyabr 2002-ci ilədək yenidən Naxçıvan Kənd Təsərrüfatı Texnikumu adı altında fəaliyyətini davam etdirmişdir. Naxçıvan Kənd Təsərrüfatı Texnikumu 26 avqust 2002-ci ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 140 saylı qərarı ilə Naxçıvan Dövlət Texniki Kolleci adını almış və 25 oktyabr 2002-ci il tarixdən bu günədək bu ad altında fəaliyyətini davam etdirir.
Daha çox