İnnovativ layihələrin təqdimatı keçirilmişdir.
20 aprel 2026-cı il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Ümumtəhsil və texniki ixtisaslar fənlər birləşmə komissiyası müəlliminin təşəbbüsü ilə “21 Aprel Ümumdünya Yaradıcılıq və İnnovasiya Günü” və ölkədə elan olunmuş “Şəhərsalma və Memarlıq İli”nə həsr edilmiş “İnnovasiya ilə gələcəyə doğru” mövzusunda innovativ layihələrin təqdimatı keçirilmişdir.
Tədbirin əsas məqsədi tələbələrdə yaradıcılıq və innovativ düşüncə bacarıqlarının inkişaf etdirilməsi, müasir texnologiyalara marağın artırılması, həmçinin şəhərsalma və memarlıq sahəsində innovativ yanaşmaların təşviq olunması olmuşdur.
Tədbiri giriş sözü ilə kollecin direktoru Asəf Ruşanov açaraq qeyd etmişdir ki, bu cür layihələr tələbələrin nəzəri biliklərinin praktik tətbiqinə geniş imkan yaradır, onların gələcək peşə fəaliyyətində müasir çağırışlara uyğun formalaşmasına mühüm töhfə verir.
Daha sonra 3-cü kurs Telekommunikasiya və kompüter sistemlərinin informasiya təhlükəsizliyi ixtisası üzrə təhsil alan tələbələrin innovativ layihələrinin təqdimatı keçirilmişdir. Belə ki:
Məmmədova Özləm “Ağıllı park” sistemi,
Mahmudzadə Sevinc “Smart waste” sistemi,
Xasayeva Telli “Smart health” sistemi,
Hətəmova Billur isə “Smart street lighting” sistemi adlı layihələrlə çıxış etmişlər.
Tələbələr tərəfindən təqdim olunan layihələrdə ağıllı şəhər konsepsiyasına uyğun olaraq ekoloji davamlılıq, resursların səmərəli idarə olunması, ictimai xidmətlərin optimallaşdırılması və rəqəmsal texnologiyaların tətbiqi kimi mühüm istiqamətlər öz əksini tapmışdır.
Sonda tələbələr tərəfindən hazırlanmış “Ağıllı şəhər” layihəsinin təqdimatı keçirilmişdir.
Qeyd olunmuşdur ki, bu kimi innovativ tədbirlər gənclərin yaradıcı potensialının üzə çıxarılmasında, onların elmi-texniki biliklərinin inkişafında və cəmiyyət üçün faydalı ideyaların formalaşmasında mühüm rol oynayır.


