Gülər Bayramovanın “ŞİRKƏTİN MALİYYƏ PERFORMANSININ TƏHLİLİ VƏ İFLASA APARAN SƏBƏBLƏR” mövzusunda kitabının təqdimatı keçirilmişdir.
17 aprel 2026-cı il tarixdə Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində Qeydiyyat və qiymətləndirmə bölməsinin müdiri Gülər Bayramovanın “ŞİRKƏTİN MALİYYƏ PERFORMANSININ TƏHLİLİ VƏ İFLASA APARAN SƏBƏBLƏR” mövzusunda kitabının təqdimatı keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan kollecin direktoru Asəf Ruşanov çıxış edərək müəllifin elmi fəaliyyətindən, kitabın aktuallığından və müasir iqtisadi şəraitdə maliyyə təhlilinin əhəmiyyətindən geniş bəhs etmişdir. O qeyd etmişdir ki, şirkətlərin maliyyə dayanıqlığının təmin olunması, düzgün idarəetmə qərarlarının qəbul edilməsi və risklərin vaxtında müəyyən olunması baxımından belə elmi əsərlərin hazırlanması xüsusi önəm kəsb edir. Direktor, həmçinin kitabın tələbələr, müəllimlər və iqtisadiyyat sahəsində çalışan mütəxəssislər üçün faydalı vəsait olduğunu vurğulamışdır.
Daha sonra tədbirdə çıxış edən kollecin müəllimləri kitab haqqında fikirlərini bölüşərək onun elmi-praktik əhəmiyyətini yüksək qiymətləndirmişlər. Bildirilmişdir ki, kitabda şirkətlərin maliyyə göstəricilərinin təhlili, maliyyə sabitliyinin qiymətləndirilməsi, iflasa aparan əsas daxili və xarici amillərin müəyyənləşdirilməsi, həmçinin bu risklərin qarşısının alınması yolları ətraflı şəkildə izah olunmuşdur. Çıxış edənlər əsərin həm nəzəri, həm də praktiki baxımdan əhəmiyyətli olduğunu qeyd etmiş, tələbələr üçün dəyərli dərs vəsaiti kimi istifadə oluna biləcəyini bildirmişlər.
Tədbir zamanı vurğulanmışdır ki, kitabda müasir maliyyə analiz metodları, beynəlxalq təcrübə və real nümunələr əsasında aparılmış araşdırmalar yer almışdır. Bu da oxuculara mövzunu daha dərindən mənimsəməyə və praktiki biliklər əldə etməyə imkan yaradır.
Sonda kitabın müəllifi Gülər Bayramova çıxış edərək əsərin yazılma məqsədi, qarşıya qoyulan əsas vəzifələr və əldə olunan nəticələr barədə ətraflı məlumat vermişdir. O qeyd etmişdir ki, kitabın hazırlanmasında əsas məqsəd maliyyə təhlilinin elmi əsaslarını oxuculara çatdırmaq, şirkətlərin iflasa sürüklənməsinə səbəb olan amilləri sistemli şəkildə izah etmək və bu sahədə praktik tövsiyələr təqdim etmək olmuşdur.