Naxçıvan Dövlət Texniki Kollecinin müəllimləri tələbələr ilə birlikdə Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi münasibətilə Xan Sarayı Muzeyinə ekskursiyada olmuşlar.
30 oktyabr 2024-cü il tarixdə Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Kənd təsərrüfatı və iqtisadiyyat fənn birləşməsi komissiyasının müəllimləri tələbələr ilə birlikdə Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi münasibətilə Xan Sarayı Muzeyinə ekskursiyada olmuşlar.
Ekskursiya zamanı muzey bələdçisi Xan Sarayının tarixi və mədəni əhəmiyyəti haqqında geniş məlumat verib. O, XVIII əsrə aid olan bu sarayın Naxçıvanın memarlıq irsindəki xüsusi rolunu vurğulayaraq, sarayın memarlıq üslubu, inşasında istifadə olunan materiallar və naxışlarla bağlı maraqlı faktları iştirakçılara çatdırıb. Eyni zamanda, muzeydə saxlanılan eksponatlar vasitəsilə Naxçıvanın keçmişdəki həyatı, mədəniyyəti və sarayın sakinlərinin gündəlik yaşam tərzi barədə məlumat verilib.
Bu ekskursiya tələbələrə Naxçıvanın zəngin tarixi və mədəni irsi ilə daha yaxından tanış olmaq, Naxçıvan Muxtar Respublikasının tarixi inkişafını və onun mədəniyyətinə göstərilən diqqəti anlamaq baxımından əhəmiyyətli olub. İştirakçılar ekskursiyanı maraqla qarşılayıb və muzey bələdçisinin təqdim etdiyi məlumatları diqqətlə dinləyiblər.