Naxçıvan Dövlət Texniki Kollecində Vətən uğrunda canından keçmiş şəhid leytenant Fərmin Fərman oğlu Əliyevin əziz xatirəsinə həsr olunmuş “Bir ömrün əbədiyyəti” adlı kitabın təqdimat mərasimi keçirilib.
15 aprel 2026-cı il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Naxçıvan Dövlət Texniki Kollecində Vətən uğrunda canından keçmiş şəhid leytenant Fərmin Fərman oğlu Əliyevin əziz xatirəsinə həsr olunmuş “Bir ömrün əbədiyyəti” adlı kitabın təqdimat mərasimi keçirilib.
Tədbirin əvvəlində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə kollecin direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Asəf Ruşanov açaraq şəhidlərimizin keçdiyi şərəfli həyat yolundan, onların Vətən uğrunda göstərdikləri qəhrəmanlıqdan və belə tədbirlərin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynadığından bəhs edib.
Daha sonra tədbirdə çıxış edənlər – Ovni Muradov,Mais Gülməmmədov, Șəhid anaları, Hikmət Hacıyev, Məlahət Tağıyeva, Leyla Qəhrəmanova, Eminli Elșən və Aytən Hüseynova şəhidin həyat yolu, döyüş fəaliyyəti və göstərdiyi igidliklər haqqında geniş məlumat verərək onun xatirəsinin daim uca tutulmasının vacibliyini vurğulayıblar.
Çıxış edənlər şəhidlərin xalqımızın tarixində xüsusi yer tutduğunu qeyd edərək, onların qəhrəmanlığının gələcək nəsillər üçün örnək olduğunu bildiriblər. Həmçinin şəhidin ailə üzvləri və yaxınları onunla bağlı xatirələrini bölüşərək onun Vətənə bağlı, mərd və vətənpərvər bir gənc olduğunu diqqətə çatdırıblar.
Tədbirdə kitabın müəllifi Aytən Hüseynova çıxış edərək “Bir ömrün əbədiyyəti” adlı əsərin ərsəyə gəlməsi, yazılma məqsədi və şəhidin həyat yolunun gələcək nəsillərə çatdırılmasının əhəmiyyəti barədə məlumat verib.
Tədbirin bədii hissəsində kollecin tələbələri tərəfindən hazırlanmış ədəbi-bədii kompozisiyalar, şeirlər və monoloqlar nümayiş etdirilib. Şəhidin əziz xatirəsinə həsr olunmuş videoçarx təqdim olunaraq izlənilib.
Sonda tədbir iştirakçıları şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edərək belə tədbirlərin əhəmiyyətini xüsusi vurğulayıblar və tədbir yekunlaşıb.








