1 aprel 2026-cı il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində “Kiberhücumlara qarşı mübarizə və təhlükəsizlik tədbirləri” mövzusunda tədbir keçirilib.
1 aprel 2026-cı il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində “Kiberhücumlara qarşı mübarizə və təhlükəsizlik tədbirləri” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə kollecin direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Asəf Ruşanov açaraq müasir dövrdə informasiya təhlükəsizliyinin əhəmiyyətindən danışıb. O qeyd edib ki, sürətlə inkişaf edən texnologiyalar fonunda kibertəhlükələr də artmaqdadır və bu sahədə maarifləndirmə hər bir gənc üçün olduqca vacibdir.
Daha sonra tədbirdə çıxış edən qonaqlar mövzu ətrafında geniş məlumat veriblər. Naxçıvan Muxtar Respublikası Prokurorluğunun şöbə rəisi, baş ədliyyə müşaviri Faiq Səfərov kibercinayətkarlıq halları, onların qarşısının alınması və hüquqi məsuliyyət barədə danışıb.
Ardınca Naxçıvan Dövlət Universitetinin informasiya texnologiyaları şöbəsinin müdiri Hüseyn Əsgərli informasiya təhlükəsizliyi qaydaları, şəxsi məlumatların qorunması və internetdən düzgün istifadə mövzusunda təqdimatla çıxış edib.
Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan MR İdarəsinin əməkdaşı Pərviz Babayev isə bank kartlarının təhlükəsiz istifadəsi, onlayn ödənişlər zamanı diqqət olunmalı məqamlar və dələduzluq hallarından qorunma yolları barədə ətraflı məlumat verib.
Tədbir çərçivəsində mövzuya uyğun hazırlanmış videoçarx nümayiş etdirilib. Videoçarxda vətəndaşların gündəlik həyatda qarşılaşa biləcəyi kibertəhlükələr, bank kartları və şəxsi məlumatların qorunması, şübhəli linklərdən və saxta müraciətlərdən uzaq durma yolları izah olunub.
Sonda tələbələrlə sual-cavab və müzakirə formatında forum təşkil olunub. İştirakçılar mövzu ilə bağlı suallarını ünvanlayıb, fəal müzakirələr aparılıb və onların fikirləri dinlənilib.
Tədbir maarifləndirici və interaktiv formada yekunlaşıb.



