Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində Novruz bayramı şənliyi yüksək əhvali-ruhiyyə, böyük coşğu və milli-mənəvi dəyərlərimizə dərin ehtiram hissi ilə keçirilmişdir.
19 mart 2026-cı il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində Novruz bayramı şənliyi yüksək əhvali-ruhiyyə, böyük coşğu və milli-mənəvi dəyərlərimizə dərin ehtiram hissi ilə keçirilmişdir.
Tədbirin əsas məqsədi Azərbaycan xalqının ən qədim və zəngin milli bayramlarından biri olan Novruzun adət-ənənələrini yaşatmaq, tələbələrdə milli-mənəvi dəyərlərə bağlılıq hissini gücləndirmək, onların asudə vaxtlarını səmərəli təşkil etmək və bayram ovqatını kollektiv şəkildə bölüşmək olmuşdur.
Bayram tədbirində kollecin rəhbərliyi, müəllim heyəti, əməkdaşlar və tələbələr iştirak etmişlər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamış, daha sonra Novruz bayramının tarixindən, xalqımızın həyatında tutduğu mühüm yerdən, sülh, bərəkət, yenilənmə və birlik rəmzi olmasından bəhs olunmuşdur. Çıxış edənlər Novruzun xalqımızın zəngin mədəniyyətinin ayrılmaz hissəsi olduğunu vurğulamış, gənc nəslin bu dəyərləri öyrənməsinin və gələcək nəsillərə ötürməsinin vacibliyini qeyd etmişlər.
Tədbir zamanı Novruz bayramının əsas atributları olan səməni, xonça, boyanmış yumurtalar, şamlar və müxtəlif milli şirniyyatlar nümayiş etdirilmiş, bayram guşələri xüsusi zövqlə bəzədilmişdir. Kollecin həyətində təşkil olunan şənlik proqramı çərçivəsində tələbələr tərəfindən maraqlı bədii kompozisiyalar, şeirlər, mahnılar və rəqs nümunələri təqdim olunmuşdur. Milli geyimdə çıxış edən tələbələr Novruzun qədim adətlərini səhnəciklər vasitəsilə canlandıraraq tədbirə xüsusi rəng qatmışlar.
Bayram şənliyində Novruzun sevilən obrazları olan Kosa və Keçəlin iştirakı tədbir iştirakçılarında xoş ovqat yaratmış, onların təqdim etdiyi yumoristik çıxışlar və maraqlı dialoqlar böyük maraqla qarşılanmışdır. Müxtəlif əyləncəli oyunlar, yumurta döyüşdürmə mərasimləri və musiqili proqramlar tədbirin daha yaddaqalan olmasına səbəb olmuşdur.
Tədbirin bədii hissəsində səsləndirilən milli musiqilər, xalq mahnıları və rəqslər iştirakçılar tərəfindən alqışlarla qarşılanmış, kollecdə əsl bayram ab-havası hökm sürmüşdür. Tələbələrin fəallığı, yaradıcılığı və təşkilatçılığı tədbirin yüksək səviyyədə keçməsində mühüm rol oynamışdır.




