Gənclərə insan hüquqları və gender bərabərliyi ilə bağlı seminar keçilib
Gənclərə insan hüquqları və gender bərabərliyi ilə bağlı seminar keçilib
Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “İnsan hüquqları aylığı” çərçivəsində gənclərin hüquqi maarifləndirilməsi, insan hüquqları haqqında biliklərinin artırılmasına xidmət edən tədbir təşkil olunub. Belə ki, Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində 100-ə yaxın tələbə gəncin iştirakı ilə “Gənclərin insan hüquqları və gender bərabərliyi” adlı seminar reallaşıb.
Tədbirdə çıxış edən kollecin direktoru Asəf Ruşanov və nazirliyin əməkdaşı Azadə Əliyeva iştirakçıları salamlayaraq seminarın önəmindən danışıblar. Çıxışlar zamanı “İnsan hüquqları aylığı”nın əhəmiyyətindən, ölkəmizdə insan hüquqları və azadlıqlarının müdafiəsi istiqamətində görülən işlərdən, həmçinin gənclərin cəmiyyət həyatının müxtəlif sahələrində fəal iştirakından bəhs olunub. İnsan hüquq və azadlıqlarının tərkib hissəsi kimi gender bərabərliyinin təmin edilməsinin daim dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğu vurğulanıb. Seminarda ekspert qismində çıxış edən Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin əməkdaşı Türkan Gülməmmədli və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin əməkdaşı Həbibə Əliyeva mövzu ilə bağlı fikirlərini ifadə edib, gənclərin insan hüquqları sistemindəki rolu, vəzifə və öhdəlikləri, o cümlədən gender bərabərliyi və qadın hüquqları barədə danışıblar.