Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində 1 Mart – Ümumdünya Mülki Müdafiə Günü münasibətilə “Xəbərdarlıq və Təxliyə” mövzusunda təlim-praktiki məşğələ təşkil olunub.
Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində 1 Mart – Ümumdünya Mülki Müdafiə Günü münasibətilə “Xəbərdarlıq və Təxliyə” mövzusunda təlim-praktiki məşğələ təşkil olunub.
Tədbir fövqəladə hallarda düzgün davranış qaydalarının aşılanması, ilkin yardım bacarıqlarının təkmilləşdirilməsi və təxliyə prosesinin praktik şəkildə öyrədilməsi məqsədi daşıyıb.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Dövlət Texniki Kollecinin direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Asəf Ruşanov Ümumdünya Mülki Müdafiə Gününün əhəmiyyətindən danışıb. O bildirib ki, mülki müdafiə tədbirləri insanların fövqəladə hallara hazırlıq səviyyəsinin artırılmasında mühüm rol oynayır. Direktor qeyd edib ki, bu cür təlimlər tələbələrin yalnız nəzəri biliklərini deyil, eyni zamanda praktik bacarıqlarını da formalaşdırır və onların təhlükəsizlik mədəniyyətinin yüksəldilməsinə xidmət edir.
İlk yardım və ilk tibbi yardım haqqında məlumat
Təlim çərçivəsində iştirakçılara ilk yardım və ilk tibbi yardım anlayışları arasındakı fərqlər izah olunub.
Qeyd edilib ki:
İlk yardım – hadisə yerində hər hansı xüsusi tibbi avadanlıq və ya dərman vasitəsi olmadan göstərilən ilkin müdaxilədir.
Hər kəs tərəfindən göstərilə bilər;
Məqsəd həyatı xilas etmək və vəziyyətin ağırlaşmasının qarşısını almaqdır;
Mövcud sadə vasitələrdən istifadə olunur;
Dərman vasitələrindən istifadə edilmir.
İlk tibbi yardım isə peşəkar tibb işçiləri tərəfindən həyata keçirilən ixtisaslaşmış müdaxilədir.
Həkimlər və ya təcili tibbi yardım əməkdaşları tərəfindən göstərilir;
Tibbi avadanlıqlardan istifadə olunur;
Zərurət olduqda dərman preparatları tətbiq edilir;
Məqsəd xəstənin vəziyyətini stabilləşdirmək və peşəkar müalicəyə başlamaqdır.
Təlim-praktiki məşğələnin mövzusu
Məşğələnin mövzusu şərti olaraq zəlzələdən sonra xəsarət almış şəxslərə ilkin yardımın göstərilməsi və onların təxliyəsinin təşkili olub.
Ssenariyə əsasən aşağıdakı xəsarət halları nümayiş etdirilib:
Baş nahiyəsinin deşilmiş qanaxma yarası;
Aşağı ətrafın qapalı sınığı;
Yuxarı ətrafın açıq sınıq travması.
Təlim zamanı zərərçəkmiş şəxslərə ilkin yardım göstərilib və onların təhlükəsiz şəkildə təxliyəsi praktik olaraq icra olunub.



