Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən Naxçıvan Dövlət Universiteti nəzdində Naxçıvan Dövlət Texniki Kolleci müasir texnologiyalara əsaslanan yeni avadanlıqlarla təmin edilmişdir.
Azərbaycan Respublikasında təhsilin inkişafına göstərilən davamlı diqqət və qayğının növbəti təzahürü olaraq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən Naxçıvan Dövlət Universiteti nəzdində Naxçıvan Dövlət Texniki Kolleci müasir texnologiyalara əsaslanan yeni avadanlıqlarla təmin edilmişdir.
Bu münasibətlə kollecdə avadanlıqların nümayiş olunduğu sərgi təşkil edilmişdir. Tədbirdə çıxış edən kollecin direktoru Asəf Ruşanov qeyd etmişdir ki, təqdim edilən avadanlıqlar tədrisin keyfiyyətinin yüksəldilməsinə, tələbələrin praktiki bacarıqlarının inkişafına və müasir təhsil mühitinin formalaşmasına mühüm töhfə verəcəkdir. Bildirilmişdir ki, yeni vasitələr laboratoriya və praktik məşğələlərin səviyyəsini artıracaq, interaktiv və innovativ təlim üsullarının tətbiqinə geniş imkan yaradacaqdır.
Kollecə ümumilikdə 238 adda müxtəlif təyinatlı avadanlıq təqdim olunmuşdur. Bunlara tədris qurğuları, elektron lövhələr və digər elektron vasitələr, idman avadanlıqları, dəftərxana ləvazimatları, təsərrüfat malları və praktik məşğələlər üçün zəruri materiallar daxildir.
Avadanlıqların istifadəsi nəzəri biliklərin praktik fəaliyyətlə əlaqələndirilməsini gücləndirəcək, tələbələrin hazırlıq səviyyəsini yüksəldəcək və kollecin maddi-texniki bazasını daha da möhkəmləndirəcəkdir. Vizual təqdimat imkanlarının artması mövzuların daha aydın mənimsənilməsinə, müstəqil işləmə və tədqiqat bacarıqlarının inkişafına şərait yaradacaqdır.
Müasir texnologiyaların tətbiqi tələbələrin seçdikləri ixtisaslar üzrə daha hazırlıqlı formalaşmasına, əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli mütəxəssislərin yetişdirilməsinə imkan verəcəkdir. Praktiki yönümlü məşğələlər gənclərin istehsalat mühitinə uyğunlaşmasını asanlaşdıracaq, real iş şəraitinə adaptasiya müddətini qısaldacaqdır. Tələbələr yeni texnologiyalarla işləmə bacarıqları əldə edəcək, komanda işi və texniki problemlərin operativ həlli vərdişlərini inkişaf etdirəcəklər.


