Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində 2025–2026-cı tədris ili üzrə payız imtahan sessiyası və Böyük Summativ Qiymətləndirmə (BSQ) mərhələsi uğurla davam edir.
Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində 2025–2026-cı tədris ili üzrə payız imtahan sessiyası və Böyük Summativ Qiymətləndirmə (BSQ) mərhələsi uğurla davam edir. İmtahanların şəffaf, obyektiv və qaydalara uyğun şəkildə keçirilməsinin təmin olunması məqsədilə kollec rəhbərliyi tərəfindən müvafiq nəzarət mexanizmləri yaradılmışdır.
Sessiya dövründə yaradılmış imtahan yoxlama otağında fənn müəllimləri tərəfindən tələbələrin yazılı işləri diqqətlə yoxlanılır, qiymətləndirmə meyarlarına uyğun olaraq nəticələr müəyyən edilir və elektron sistemə daxil edilir. Qiymətləndirmə prosesində obyektivliyin qorunması və tələbələrin bilik və bacarıqlarının düzgün əks etdirilməsi əsas prinsiplər kimi diqqətdə saxlanılır.
Eyni zamanda kollec daxilində fəaliyyət göstərən İmtahan Qərargah Otağında qərargah üzvləri tərəfindən tələbələrin imtahan nəticələri ilə bağlı müraciət və şikayətləri operativ şəkildə dinlənilir, daxil olan ərizələr qeydə alınır və mövcud qaydalara uyğun olaraq araşdırılır. Hər bir müraciətə fərdi yanaşılır, zəruri hallarda müəllimlər və müvafiq struktur bölmələrlə birgə baxılaraq obyektiv qərarların verilməsi üçün tədbirlər görülür.
İmtahan sessiyasının gedişinə kollec rəhbərliyi tərəfindən mütəmadi nəzarət olunur, tədris prosesinin keyfiyyətinin artırılması və tələbə məmnunluğunun təmin edilməsi əsas prioritet kimi qarşıya qoyulur. Görülən tədbirlər nəticəsində imtahanların təşkilində şəffaflıq, intizam və akademik ədalət prinsiplərinə tam əməl olunur.


