Xəbərlər

Naxçıvan Dövlət Texniki Kollecində görkəmli alim, akademik Həsən Əliyevin zəngin elmi irsinə və çoxşaxəli fəaliyyətinə həsr olunmuş dəyirmi masa keçirilmişdir.

Naxçıvan Dövlət Texniki Kollecində görkəmli alim, akademik Həsən Əliyevin zəngin elmi irsinə və çoxşaxəli fəaliyyətinə həsr olunmuş dəyirmi masa keçirilmişdir.

22 dekabr 2025-ci il tarixdə Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində görkəmli alim, akademik Həsən Əliyevin zəngin elmi irsinə və çoxşaxəli fəaliyyətinə həsr olunmuş dəyirmi masa keçirilmişdir. Tədbirin əsas məqsədi akademik Həsən Əliyevin Azərbaycan elminin inkişafındakı mühüm rolunu, ətraf mühitin mühafizəsi sahəsində göstərdiyi xidmətləri və gənc nəslin ekoloji düşüncəsinin formalaşmasındakı əvəzsiz töhfələrini iştirakçılara daha yaxından tanıtmaq olmuşdur.

Tədbir başlamazdan öncə Ümummilli Lider Heydər Əliyevin, akademik Həsən Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir. Bu anlar iştirakçılarda dərin ehtiram və vətənpərvərlik hissləri yaratmışdır.

Dəyirmi masanı giriş sözü ilə açan Naxçıvan Dövlət Texniki Kollecinin direktoru Asəf Ruşanov akademik Həsən Əliyevin həyat və fəaliyyətinə toxunaraq, onun Azərbaycan elminə verdiyi əvəzsiz töhfələrdən, xüsusilə ətraf mühitin mühafizəsi, torpaqşünaslıq və ekologiya sahəsində apardığı fundamental tədqiqatlardan geniş bəhs etmişdir. Direktor çıxışında akademikin elmi irsinin bu gün də aktuallığını qoruduğunu və gənc nəslin ekoloji şüurunun formalaşmasında mühüm rol oynadığını vurğulamışdır.

Daha sonra kollecin müəllimi Rahilə Əliyeva çıxış edərək akademik Həsən Əliyevin elmi məktəbinin formalaşmasından, onun elmi-pedaqoji fəaliyyətindən və yetişdirdiyi kadrların bu gün ölkəmizin müxtəlif elm və təhsil müəssisələrində uğurla fəaliyyət göstərməsindən söz açmışdır. Çıxış zamanı akademikin insanpərvərliyi, vətənə bağlılığı və elmi fəaliyyətə olan fədakar münasibəti xüsusi qeyd olunmuşdur.

Tədbir çərçivəsində akademik Həsən Əliyevin həyat və yaradıcılıq yolunu, elmi nailiyyətlərini və ictimai fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilmişdir. Videoçarx iştirakçılar tərəfindən böyük maraqla qarşılanmış, akademikin zəngin irsi barədə dolğun təsəvvür yaratmışdır.