05 noyabr 2025-ci il tarixdə Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində 8 Noyabr –Zəfər Günü münasibətilə dəyirmi masa keçirilib.
05 noyabr 2025-ci il tarixdə Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində 8 Noyabr –Zəfər Günü münasibətilə dəyirmi masa keçirilib. Tədbir Humanitar fənlər birləşməsi, Kənd təsərrüfatı və iqtisadiyyat fənlər birləşməsi, Xarici dillər fənlər birləşməsi, həmçinin Ümümtəhsil və texniki fənlər birləşmələrinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbiri giriş sözü ilə kollecin direktoru Asəf Ruşanov açıb. Direktor iştirakçıları salamlayaraq Zəfər Gününün tarixi əhəmiyyəti, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı parlaq qələbə və bu qələbənin xalqımızın müasir tarixində yaratdığı yeni mərhələ barədə geniş məlumat verib. Asəf Ruşanov qeyd edib ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında qazanılan bu möhtəşəm Zəfər Azərbaycan xalqının milli ruhunun, ordumuzun gücünün və dövlətimizin qüdrətinin bariz nümunəsidir. O, həmçinin şəhidlərimizin əziz xatirəsinin hər zaman hörmət və ehtiramla yad edildiyini vurğulayıb.
Daha sonra kollecin bir sıra müəllimləri çıxış edərək, Zəfər Gününün yalnız bir hərbi qələbə deyil, həm də milli həmrəyliyin, azərbaycançılıq ideologiyasının və gənc nəslin vətənpərvərlik tərbiyəsinin təntənəsi olduğunu bildiriblər.
Çıxışlarda vurğulanıb ki, 8 Noyabr Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir. Bu tarixdə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu 30 ilə yaxın işğal altında olan Şuşa şəhərini azad etməklə ölkəmizin ərazi bütövlüyünü təmin edib, xalqımıza böyük qürur və sevinc bəxş edib.
Tədbir çərçivəsində müəllimlər və tələbələr arasında interaktiv müzakirələr aparılıb, gənclər Zəfər Gününün mənəvi və siyasi əhəmiyyəti barədə fikirlərini bölüşüblər. Tələbələr Vətənə, orduya, şəhidlərə və qazilərə həsr olunmuş şeirlər səsləndiriblər. Onların ifasında səslənən vətənpərvərlik ruhlu şeirlər tədbirə xüsusi emosional məzmun qatıb.
Sonda Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib. Videoçarxda 44 günlük Vətən müharibəsinin qəhrəmanlıq səhifələrindən, Azərbaycan əsgərinin igidliyindən və ölkəmizin yenidən bərpa olunan azad torpaqlarından kadrlar nümayiş olunub.


