Xəbərlər

Naxçıvan Dövlət Universitetinin müəllimləri İsa Özaydın və Savaş Yıldızın iştirakı ilə maarifləndirici dərs təşkil olunub.

Slide 1
Slide 2
Slide 3
Slide 4
Slide 5

Naxçıvan Dövlət Universitetinin müəllimləri İsa Özaydın və Savaş Yıldızın iştirakı ilə maarifləndirici dərs təşkil olunub.

27 oktyabr 2025-ci il tarixdə Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində Türkiyə Respublikasının Qafqaz Universitetinin Baytarlıq fakültəsinin professorları, Naxçıvan Dövlət Universitetinin müəllimləri İsa Özaydın və Savaş Yıldızın iştirakı ilə maarifləndirici dərs təşkil olunub. Dərsin məqsədi tələbələrin elmi biliklərinin artırılması, beynəlxalq təcrübənin öyrənilməsi və iki qardaş ölkə arasında elmi-ictimai əlaqələrin möhkəmləndirilməsi olub.

Tədbiri giriş sözü ilə Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecin direktoru Asəf Ruşanov açaraq qonaqları salamlayıb. Direktor çıxışında qeyd edib ki, kollecdə tədrisin keyfiyyətinin yüksəldilməsi, praktik biliklərin artırılması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addımlar atılır. Asəf Ruşanov vurğulayıb ki, Türkiyə Respublikasının ali təhsil ocaqları ilə qurulan səmərəli əlaqələr tələbələrin peşəkar inkişafına böyük töhfə verir.

Professor Savaş Yıldız öz çıxışında baytarlıq sahəsində beynəlxalq təcrübə, praktik vərdişlərin formalaşması və gənc mütəxəssislərin hazırlığı mövzularında danışıb. O, tələbələrin elmə marağının artırılmasının vacibliyini vurğulayaraq, belə görüşlərin onların gələcək peşəkar inkişafında mühüm rol oynadığını qeyd edib.

Maarifləndirici dərs zamanı tələbələr qonaqlara müxtəlif suallar ünvanlayıb, elmi yeniliklər və təcrübə proqramları barədə fikir mübadiləsi aparıblar.

Dərsin sonunda Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin direktoru Asəf Ruşanov professorlara dərin minnətdarlığını bildirib, onların kollecin tədris prosesinə verdiyi dəyərli töhfəni yüksək qiymətləndirib və qonaqlara xatirə hədiyyələri təqdim edib.

Qeyd edilib ki, bu cür tədbirlər gələcəkdə də davam etdiriləcək, Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecin beynəlxalq elmi və tədris əlaqələrinin daha da genişləndirilməsi nəzərdə tutulur.