Naxçıvan Dövlət Universitetinin professoru, tanınmış alim İsa Özaydın Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində "Baytarlıqda Cərrahiyyə" mövzusunda nümunəvi dərs keçmişdir
16 oktyabr 2025-ci il tarixində Naxçıvan Dövlət Universitetinin professoru, tanınmış alim İsa Özaydın Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində "Baytarlıqda Cərrahiyyə" mövzusunda nümunəvi dərs keçmişdir. Dərs, baytarlıq ixtisası üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulmuş və peşəkar biliklərin təkmilləşdirilməsinə yönəlmişdi.
Tədbirin əvvəlində kollecin direktoru Asəf Ruşanov çıxış edərək professor İsa Özaydının elmi fəaliyyəti və baytarlıq sahəsindəki əhəmiyyətli nailiyyətləri haqqında ətraflı məlumat vermiş, onun bu sahəyə verdiyi töhfələri xüsusilə vurğulamışdır. Direktor qeyd etmişdir ki, bu cür nümunəvi dərslər tələbələrin bilik və bacarıqlarının inkişafında mühüm rol oynayır.
Professor İsa Özaydın dərs zamanı baytarlıq cərrahiyyəsinin müasir metodları, diaqnostika və əməliyyat texnikaları barədə geniş məlumat vermiş, müxtəlif klinik halları nəzəri və praktik aspektlərdən izah etmişdir. Dərs interaktiv şəkildə təşkil olunmuş, tələbələrlə aktiv müzakirələr aparılmış və real praktiki nümunələr əsasında biliklərin möhkəmləndirilməsi təmin olunmuşdur.
Tələbələr dərsdən böyük məmnunluq hissi ilə ayrılmış, əldə etdikləri biliklərin onların gələcək peşəkar fəaliyyətləri üçün faydalı olacağını bildirmişlər. Müəllimlər isə bu dərsi metodoloji baxımdan faydalı təcrübə kimi dəyərləndirmişlər.
Bu kimi tədbirlər kollecdə tədrisin keyfiyyətinin yüksəldilməsinə və tələbələrin peşəkar inkişafına yönəlmiş səmərəli addımlardan biridir.



