“İstilik təchizatı və istilik avadanlıqları” ixtisasında təhsil alan tələbələrlə Humanitar fənlər birləşmə komissiyasının təşəbbüsü ilə Naxçıvan Dövlət Tarix Muzeyinə ekskursiya təşkil edilmişdir.
07 oktyabr 2025-ci il Naxçıvan Dövlət Universiteti nəzdində Naxçıvan Dövlət Texniki Kollecində “İstilik təchizatı və istilik avadanlıqları” ixtisasında təhsil alan tələbələrlə Humanitar fənlər birləşmə komissiyasının təşəbbüsü ilə Naxçıvan Dövlət Tarix Muzeyinə ekskursiya təşkil edilmişdir.
Tədbirin əsas məqsədi tələbələrin tarixi biliklərini dərs otağından kənarda, praktiki mühitdə daha da möhkəmləndirmək, onların milli-mənəvi dəyərlərə, dövlətçilik ənənələrinə bağlılığını gücləndirmək olmuşdur. Ekskursiya zamanı muzeyin zəngin ekspozisiyaları ilə tanış olan tələbələr Azərbaycan tarixinin müxtəlif mərhələlərinə dair qiymətli məlumatlar əldə etmiş, qədim dövrlərdən günümüzə qədər qorunub saxlanılan maddi-mədəniyyət nümunələrinə xüsusi maraq göstərmişlər.
Tarix müəllimi ekskursiya zamanı tələbələrə muzey eksponatlarının yalnız keçmişin yadigarı deyil, həm də bugünkü milli kimliyimizin, dövlət müstəqilliyimizin bünövrəsini təşkil edən dəyərlərin ifadəsi olduğunu vurğulamışdır. Onun fikrincə, tarixi irsə sahib çıxmaq, onu qorumaq və gənc nəslə çatdırmaq milli varlığımızın ən mühüm vəzifələrindən biridir.
Bu kimi maarifləndirici səfərlər gənclərdə tarixi yaddaşın güclənməsinə, vətənpərvərlik duyğularının dərinləşməsinə, dövlətçilik ənənələrinə sadiqlik ruhunun formalaşmasına xidmət edir. Tələbələrin muzey ekskursiyası həm elmi biliklərin zənginləşdirilməsinə, həm də onların milli dəyərlərə hörmət ruhunda tərbiyəsinə mühüm töhfə verir.