Naxçıvan Dövlət Texniki Kollecində Ümumtəhsil və texniki ixtisaslar fənn birləşmə komissiyasının təşəbbüsü ilə Müəllimlər Günü münasibətilə keçirilmiş rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi baş tutub.
7 oktyabr 2025-ci il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində Ümumtəhsil və texniki ixtisaslar fənn birləşmə komissiyasının təşəbbüsü ilə Müəllimlər Günü münasibətilə keçirilmiş rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi baş tutub.
Qeyd edək ki, rəsm müsabiqəsi 5 oktyabr – Müəllimlər Gününə həsr olunmuşdur. Tədbirin əsas məqsədi müəllim əməyinə hörmət və ehtiramı ifadə etmək, gənclərin yaradıcılıq bacarıqlarını stimullaşdırmaq idi.
Mükafatlandırma mərasimində kollecin direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru cənab Asəf Ruşanov çıxış edərək iştirakçıları salamlayıb, müəllimlik peşəsinin müqəddəsliyindən danışıb. O, bildirib ki, müəllim olmaq sadəcə bir peşə deyil, həm də nəsillər yetişdirən, cəmiyyətin gələcəyini formalaşdıran müqəddəs bir missiyadır.
Cənab Asəf Ruşanov vurğulayıb:
“Müəllim elə bir insandır ki, onun yetişdirdiyi şagirdlər, tələbələr sabahın elm adamı, mühəndisi, həkimi, ziyalısı olur. Buna görə də müəllimlik peşəsi heç vaxt dəyərini itirməyəcək.”
Müsabiqədə tələbələr müəllim obrazına olan hörmət və minnətdarlıqlarını öz rəsmlərində yaradıcı şəkildə ifadə ediblər. Münsiflər heyətinin qiymətləndirməsinə əsasən, birinci yer tutan tələbələr seçilərək kollecin rəhbərliyi tərəfindən diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.
Tədbir zamanı kollecin istedadlı tələbələrindən biri Müəllimlər Günü münasibətilə çəkdiyi və kollecin direktoru cənab Asəf Ruşanovun portretini əks etdirən rəsmi hədiyyə edib. Bu hədiyyə həm simvolik, həm də mənəvi dəyərinə görə tədbir iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılanıb.
Mükafatlandırma mərasimi sonda kollecin müəllim və tələbə heyətinin iştirakı ilə xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşıb. Tədbir bir daha göstərdi ki, müəllim əməyinə hörmət və gənclərin yaradıcılıq istedadının dəstəklənməsi cəmiyyətin mənəvi dəyərlərinin qorunmasında mühüm rol oynayır.