2025-ci il oktyabrın 2-də Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində dərs prosesi xüsusi bir hadisə ilə yadda qalıb.
2025-ci il oktyabrın 2-də Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində dərs prosesi xüsusi bir hadisə ilə yadda qalıb. Həmin gün Vətən müharibəsi şəhidi, Babək rayonunun Şıxmahmud kəndindən olan Əliyev Fərmin Fərman oğlunun həyat yoldaşı qəbul olunduğu kollecdə ilk dərs gününə qədəm qoyub.
Şəhidimizin həyat yoldaşının ilk dərs günündə valideynləri və digər qohumları da kollecdə iştirak ediblər. Bu məqam kollecin müəllim və tələbə heyəti tərəfindən böyük hörmət və ehtiramla qarşılanıb.
Kollecin direktoru Asəf Ruşanov çıxış edərək şəhidlərin xalqımızın qürur mənbəyi olduğunu vurğulayıb. O qeyd edib ki, Azərbaycanın müstəqilliyi, suverenliyi və torpaq bütövlüyü uğrunda canlarını fəda edən qəhrəmanlarımız heç vaxt unudulmayacaq, onların xatirəsi daim əziz tutulacaq:
"Şəhidlərimizin hər biri tariximizin qəhrəmanlıq səhifələrini yazan igidlərdir. Onların göstərdiyi şücaət və fədakarlıq gənclərimiz üçün əsl vətənpərvərlik məktəbidir. Bugünkü gənclər, o cümlədən bizim tələbələrimiz, məhz bu qəhrəmanlıq nümunələrindən güc alaraq vətənə sədaqətlə xidmət etməlidirlər. Şəhidlərimizin ailələrinə göstərilən qayğı dövlətimizin əsas prioritetlərindəndir. Bizim kollecdə də şəhid ailələrinin nümayəndələrinin təhsil alması böyük qürur və şərəfdir. Bu, bir daha sübut edir ki, şəhidlərimizin əziz xatirəsi daim yaşadılacaq, onların ailələri isə hər zaman hörmət və ehtiramla qarşılanacaqdır."
Müəllim və tələbələr də çıxışlarda şəhid ailəsinə olan hörmət və qayğını ifadə edərək bildiriblər ki, şəhidlərin qəhrəmanlıq yolu daim örnək olacaq, onların xatirəsi heç vaxt unudulmayacaqdır.