30 sentyabr 2025-ci il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində yazıçı Elxan Yurdoğlunun şəhid Nicat Məmmədliyə həsr etdiyi “Yarımçıq Qalan Roman” kitabının təqdimat mərasimi keçirildi.
30 sentyabr 2025-ci il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində yazıçı Elxan Yurdoğlunun şəhid Nicat Məmmədliyə həsr etdiyi “Yarımçıq Qalan Roman” kitabının təqdimat mərasimi keçirildi. Tədbirdə dövlət və ictimaiyyət nümayəndələri, tanınmış ziyalılar, müəllimlər, tələbələr və şəhidin ailə üzvləri iştirak edirdi.
Mərasim Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın müqəddəs xatirəsinə ehtiramla başladı. Əvvəlcə bir dəqiqəlik sükut elan olundu, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Kitabda şəhid Nicat Məmmədlinin həyat yolu, döyüşlərdə göstərdiyi igidliklər və onun ömür yolunun gələcək nəsillərə örnək olacaq cəhətləri təsvir olunmuşdur. Əsər həmçinin vətənpərvərlik mövzusunu geniş işıqlandırır, şəhidlərin qəlblərdə əbədi yaşadığını bir daha təsdiqləyir.
Tədbirin açılış nitqini Naxçıvan Dövlət Texniki Kollecinin direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru cənab Asəf Ruşanov etdi. O, şəhidlərin xalqımızın qürur mənbəyi olduğunu, gənc nəslin onların qəhrəmanlığından ilham aldığını vurğuladı və “Yarımçıq Qalan Roman” əsərinin bu baxımdan mühüm əhəmiyyət daşıdığını qeyd etdi.
Daha sonra kitabın müəllifi Elxan Yurdoğlu çıxış edərək əsərin yazılma məqsədindən danışdı. O bildirdi ki, Nicat Məmmədlinin igidliyi gələcək nəsillər üçün tükənməz vətənpərvərlik nümunəsidir və bu kitab şəhidimizin həyatını gələcək nəsillərə çatdırmaq üçün yazılıb.
Tədbirdə həmçinin:
Naxçıvan Muxtar Respublikasının Yazıçılar Birliyinin sədri Asim Yadigar,
Azərbaycan Yazıçılar Birliyinin üzvü Alməmməd Eldaroğlu,
Azərbaycan Yazıçılar Birliyinin şair-publisisti Təranə Adilqızı,
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Qazi İctimai Birliyinin sədri Zeynalov Təbriz
çıxış edərək kitabın əhəmiyyəti, şəhidlərin ölməzliyi və onların adlarının daim uca tutulmasının vacibliyi barədə dəyərli fikirlərini bölüşdülər. Zeynalov Təbriz öz çıxışında şəhidlərin və qazilərin dövlətimiz tərəfindən hər zaman diqqət və qayğı ilə əhatə olunduğunu vurğulayaraq, Nicat Məmmədlinin adının daim hörmətlə yad edilməsinin böyük əhəmiyyət daşıdığını qeyd etdi.