Naxçıvan Dövlət Texniki Kollecində Bəxtiyar Vahabzadənin 100 illik yubileyi qeyd olunub
Naxçıvan Dövlət Texniki Kollecində Bəxtiyar Vahabzadənin 100 illik yubileyi qeyd olunub
29 sentyabr 2025-ci il tarixində Naxçıvan Dövlət Universiteti nəzdində Naxçıvan Dövlət Texniki Kollecində görkəmli şair, Xalq yazıçısı, Azərbaycan ədəbiyyatının nəhəng simalarından biri Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyi münasibətilə tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə Kollecin direktoru Asəf Ruşanov açaraq, Bəxtiyar Vahabzadənin Azərbaycan ədəbiyyatında, ictimai fikir tarixində və milli oyanış prosesində oynadığı böyük roldan danışmışdır. O, şairin zəngin ədəbi irsinin bugünkü gənclərin milli ruhda formalaşmasında mühüm əhəmiyyət kəsb etdiyini vurğulamışdır.
Daha sonra kollecin müəllimləri çıxış edərək Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığının müxtəlif istiqamətləri haqqında fikirlərini bölüşmüşlər. Çıxışlarda onun poeziyasının milli azadlıq ideyalarının daşıyıcısı olduğu, şeirlərində xalqın milli yaddaşının və tarixi həqiqətlərinin əksini tapdığı, həmçinin gənclərə vətənpərvərlik ruhu aşıladığı vurğulanmışdır. Şairin yaradıcılığının insan ruhunun dərinliklərinə enərək milli kimlik və şəxsiyyətin formalaşmasına mühüm təsir göstərdiyi xüsusi qeyd olunmuşdur.
Tədbirdə müəllim və tələbələr Bəxtiyar Vahabzadənin şeirlərindən parçalar səsləndirmiş, onun həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş etdirilmişdir.
Sonda vurğulanmışdır ki, görkəmli söz ustadının ədəbi və mənəvi irsi daim yaşayacaq, gənc nəslin milli kimlik və vətənpərvərlik ruhunda tərbiyəsinə işıq tutacaqdır.