Muxtar Respublikanın Azərbaycan Veteranlar İctimai Birliyinin Naxçıvan təşkilatı və Trabzon Şəhid Ailələri və Qazilər Vakfının birgə təşəbbüsü ilə Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində anlamlı bir görüş keçirilib
20 may 2025-ci il tarixində Muxtar Respublikanın Azərbaycan Veteranlar İctimai Birliyinin Naxçıvan təşkilatı və Trabzon Şəhid Ailələri və Qazilər Vakfının birgə təşəbbüsü ilə Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində anlamlı bir görüş keçirilib. Tədbir Azərbaycan və Türkiyə arasında dostluq və qardaşlıq bağlarının möhkəmləndirilməsi, şəhid ailələri və qazilərə hörmətin ifadə olunması məqsədi daşıyıb.
Görüşü açan kollec direktoru Asəf Ruşanov tədbir iştirakçılarını səmimiyyətlə salamlayaraq, belə təşəbbüslərin gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində xüsusi rol oynadığını vurğulayıb.
Azərbaycan Veteranlar İctimai Birliyinin Naxçıvan Muxtar Respublikasının təşkilatının sədri Rövşən İsmayılxanlı çıxışında tədbirin əhəmiyyətindən danışaraq, Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətlərinin tarixi köklərinə diqqət çəkib.
Trabzon Şəhid Ailələri və Qazilər Vakfının sədri Mehmet Sarı, müavini Metin Sekiz və Trabzon Valiliyinin nümayəndəsi Halilibrahim Kastan da çıxış edərək, bu cür tədbirlərin iki ölkə arasında dərin dostluq və qardaşlıq əlaqələrini daha da gücləndirdiyini bildiriblər. Onlar həmçinin, hər iki ölkədə şəhid ailələrinə və qazilərə göstərilən yüksək ehtiramı vurğulayıblar.
Sonda şəhid ailələrinə göstərdiyi qayğı və diqqətə görə Asəf Ruşanova plaket və Türkiyə Cümhuriyyətinin şanlı bayrağı təqdim olunub. O, bayrağı ehtiramla öpərək bağrına basıb. Tədbirin yüksək səviyyədə təşkilinə görə minnətdarlıq ifadə olunub və xatirə şəkilləri çəkilib.