"Naxçıvan Dövlət Texniki Kolleci bu il 100 illik şərəfli tarixini qeyd edir. Bu yüzillik tarix boyunca kollecin məzunları ölkəmizin müxtəlif sahələrində uğurla fəaliyyət göstərmiş, elmi və texniki tərəqqiyə töhfələr vermişlər.
21 aprel 2025-ci il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində təhsil müəssisəsinin 100 illik yubileyi münasibətilə Alman dili üzrə esse müsabiqəsi təşkil olunmuşdur. Tədbir, kollecin elmi-pedaqoji və yaradıcı fəaliyyətini nümayiş etdirmək, tələbələrin dil bacarıqlarını və yaradıcılıq potensialını stimullaşdırmaq məqsədilə keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan kollecin direktoru, hörmətli Asəf Ruşanov iştirakçıları və qonaqları salamlayaraq belə bir əlamətdar günün təhsil ocağı üçün xüsusi əhəmiyyət daşıdığını vurğulamışdır. O, öz çıxışında qeyd etmişdir:
"Naxçıvan Dövlət Texniki Kolleci bu il 100 illik şərəfli tarixini qeyd edir. Bu yüzillik tarix boyunca kollecin məzunları ölkəmizin müxtəlif sahələrində uğurla fəaliyyət göstərmiş, elmi və texniki tərəqqiyə töhfələr vermişlər. Bugünkü esse müsabiqəsi isə, bizim gələcəyin qlobal dünyasında rəqabətə davamlı, xarici dilləri bilən, müasir düşüncəli mütəxəssislər yetişdirmək istiqamətində atdığımız mühüm addımlardan biridir.
Alman dili üzrə keçirilən bu müsabiqə tələbələrimizin dil biliklərinin inkişaf etdirilməsi ilə yanaşı, onların analitik düşünmə, öz fikirlərini sərbəst ifadə etmə və yazılı nitq bacarıqlarının formalaşdırılmasına da xidmət edir. Biz inanırıq ki, bu cür tədbirlər tələbələrimizin şəxsiyyət kimi formalaşmasında, onların özünəinamının güclənməsində əhəmiyyətli rol oynayır.
Mən bu müsabiqədə iştirak edən bütün tələbələrimizi təbrik edirəm, onlara uğurlar arzulayıram və eyni zamanda bu təşəbbüsə dəstək verən kollektivə, müəllimlərimizə təşəkkürümü bildirirəm."
Direktorun çıxışından sonra esse müsabiqəsi üzrə iştirakçılar öz yazılarını münsiflər heyətinə təqdim etmişlər. Münsiflər heyəti tələbələrin işlərini ədəbi məharət, dil səviyyəsi və yaradıcı yanaşma meyarları əsasında qiymətləndirmişdir.