21 fevral 2025-ci il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində Beynəlxalq Ana Dili Günü münasibətilə tədbir keçirilib.
21 fevral 2025-ci il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində Beynəlxalq Ana Dili Günü münasibətilə tədbir keçirilib. Tədbir kollecin kitabxanasında təşkil olunub və dilimizin qorunması, inkişafı və gələcək nəsillərə ötürülməsi məsələləri müzakirə edilib.
Tədbiri giriş sözü ilə kollecin direktoru Asəf Ruşanov açaraq Beynəlxalq Ana Dili Gününün tarixi və əhəmiyyəti haqqında geniş məlumat verib. O, çıxışında bildirib ki, UNESCO-nun qərarı ilə 21 fevral tarixinin Ana Dili Günü kimi qeyd olunması dünya xalqlarının dil müxtəlifliyinin qorunmasına, eləcə də milli dillərin inkişafına dəstək verməyə xidmət edir.
Direktor qeyd edib ki, dil hər bir xalqın milli sərvətidir və onun qorunması, inkişaf etdirilməsi həmin xalqın mədəni kimliyinin, tarixi yaddaşının, mənəvi irsinin yaşadılması deməkdir. O vurğulayıb ki, Azərbaycan dili qədim və zəngin tarixi olan, inkişaf etmiş, elmi, ədəbi və rəsmi dil səviyyəsinə yüksəlmiş bir dildir. Müstəqillik illərində Azərbaycan dili dövlət dili kimi öz mövqeyini daha da möhkəmləndirmiş, ölkənin rəsmi yazışmalarında və beynəlxalq arenada layiqincə təmsil olunmuşdur.
Asəf Ruşanov çıxışında həmçinin dilimizin qorunması və inkişafı üçün təhsil müəssisələrinin, xüsusən gənc nəslin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib. O bildirib ki, müasir dövrdə informasiya texnologiyalarının və qloballaşmanın təsiri altında bəzi dillərin assimilyasiyaya uğraması təhlükəsi artır. Bu baxımdan, Azərbaycan dili də daim diqqətdə saxlanmalı, onun saflığı qorunmalı və gələcək nəsillərə olduğu kimi ötürülməlidir.
Direktor çıxışının sonunda tələbələri Azərbaycan dilini sevməyə, onu düzgün və səlis şəkildə mənimsəməyə çağırıb. O qeyd edib ki, hər bir azərbaycanlı öz ana dilində danışmaqdan qürur duymalı, onu daim inkişaf etdirmək və qorumaq üçün səylə çalışmalıdır.
Daha sonra kollecin Dil və Ədəbiyyat müəllimləri çıxış edərək, Azərbaycan dilinin tarixi, inkişaf yolu və müasir dövrdə qarşılaşdığı çağırışlar barədə fikirlərini bölüşüblər. Çıxışçılar ana dilinin qorunmasının və təbliğinin hər bir vətəndaşın borcu olduğunu qeyd ediblər.