07 fevral 2025-ci il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü münasibətilə anım tədbiri təşkil olunub.
07 fevral 2025-ci il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü münasibətilə anım tədbiri təşkil olunub.
Tədbir Ulu Öndər Heydər Əliyevin və bütün şəhidlərimizin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Daha sonra tədbiri giriş sözü ilə açan kollecin direktoru Asəf Ruşanov çıxış edərək Mübariz İbrahimovun həyat və döyüş yoluna geniş nəzər salıb. O, qeyd edib ki, Mübariz İbrahimov təkcə bir insan və əsgər kimi deyil, bütöv bir xalqın ruhunu, iradəsini və qəhrəmanlıq ənənələrini təcəssüm etdirən simvola çevrilib.
Asəf müəllim çıxışında bildirib:
"Mübariz İbrahimovun adı Azərbaycan gəncliyi üçün cəsarətin, vətənpərvərliyin və fədakarlığın rəmzidir. Onun göstərdiyi şücaət bizə bir daha sübut edir ki, vətən sevgisi qarşısında heç bir maneə dayanmaz. Mübariz, həyatını təhlükəyə ataraq, düşmən mövqelərinə təkbaşına daxil olub və Azərbaycanın haqq səsini bütün dünyaya çatdırıb. Onun bu addımı bir millətin qüruru, bir xalqın azadlıq uğrunda mübarizəsinin təzahürüdür."
Asəf Ruşanov çıxışında Mübariz İbrahimovun təkcə döyüş meydanında deyil, həm də gündəlik həyatında nizam-intizamlı, məsuliyyətli və vətənə bağlı bir gənc olduğunu qeyd edib. O, Mübarizin valideynlərinə və ailəsinə belə bir qəhrəman yetişdirdikləri üçün təşəkkür edərək vurğulayıb ki, gənclərimiz bu cür örnəklərdən ilham almalı, vətənə xidmətə hazır olmalıdırlar.
"Bizim borcumuz yalnız Mübariz kimi qəhrəmanlarımızın xatirəsini yaşatmaq deyil, onların ideallarını da gələcək nəsillərə ötürməkdir. Onun həyatı bizə göstərir ki, vətənə olan sevgi hər şeydən üstündür və bu sevgi uğrunda canından keçmək ən ali şərəfdir. Gənclərimiz Mübariz İbrahimovun cəsarətini öz həyat yollarında rəhbər tutmalıdırlar." – deyə Asəf müəllim əlavə edib.
Çıxışlardan sonra tədbir iştirakçıları Mübariz İbrahimovun həyat və döyüş yoluna həsr olunmuş videçarx izləyiblər. Videomaterialda onun şücaətləri və göstərdiyi qəhrəmanlıqlar xüsusi olaraq işıqlandırılıb.
Tədbir iştirakçıları Milli Qəhrəmanın əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.