15 dekabr 2024-cü il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Naxçıvan Dövlət Texniki Kollecində "Qəhrəmanlar Unudulmur" layihəsi çərçivəsində əlamətdar bir tədbir keçirildi.
15 dekabr 2024-cü il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Naxçıvan Dövlət Texniki Kollecində "Qəhrəmanlar Unudulmur" layihəsi çərçivəsində əlamətdar bir tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsinə həsr olunmuşdu.Tədbir dövlət himninin səsləndirilməsi və şəhidlərimizin ruhuna bir dəqiqəlik sükutla başlandı. Açılış nitqini Kollecin direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru cənab Asəf Ruşanov edərək, tədbirin əhəmiyyətindən danışdı. O, gənclərin milli-mənəvi dəyərlərə bağlı böyüməsinin zəruriliyini vurğuladı.
Cənab Asəf Ruşanov çıxışında belə dedi:
"Hörmətli qonaqlar, dəyərli həmkarlar və əziz tələbələr! Bu gün biz Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda canını fəda edən qəhrəmanlarımızın əziz xatirəsini ehtiramla yad etmək üçün bir araya gəlmişik. Hər bir xalq tarixini qəhrəmanlarının şücaəti ilə yazır və bu gün biz də həmin qəhrəmanlarımızı dərin hörmətlə anırıq.
Azərbaycan xalqı hər zaman azadlıq və müstəqilliyi uğrunda böyük mübarizələr aparmış, tarixinin müxtəlif mərhələlərində böyük qurbanlar vermişdir. 2020-ci ilin Vətən müharibəsi isə xalqımızın birlik, qəhrəmanlıq və vətən sevgisinin parlaq təcəssümü oldu. Şəhidlərimizin qanı ilə tarixə yazılan bu zəfər, bizim milli qürurumuz və gələcək nəsillər üçün əbədi örnəkdir.
Gənclərimizə tövsiyəm odur ki, tariximizi yaxşı öyrənsinlər, şəhidlərimizin xatirəsini daim uca tutsunlar və vətənpərvərlik ruhunu hər zaman qəlblərində yaşatsınlar. Biz təhsil müəssisəsi olaraq, tələbələrimizi həm elmi biliklərlə, həm də milli dəyərlər və mənəvi keyfiyyətlərlə silahlandırmağa çalışırıq. Çünki müasir dünyanın ən güclü silahı savadlı və vətənpərvər gənclikdir.
Bu tədbirin təşkilində əməyi keçən hər kəsə təşəkkür edir, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə sağlam həyat arzulayıram. Qəhrəmanlarımızı unutmaq olmaz, çünki onlar Azərbaycanın gələcəyi üçün canlarından keçən əbədi qəhrəmanlardır. Biz onlara borcluyuq!"
Daha sonra Naxçıvan şəhər İcra Hakimiyyəti aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov çıxış edərək, qəhrəmanlarımızın göstərdiyi şücaətdən söz açdı. Vətən müharibəsi qazisi Niftəliyev Arif isə öz həyat hekayəsini və döyüş xatirələrini bölüşərək, gənclərə vətənə sədaqətli olmağı tövsiyə etdi.
Tədbirin rəsmi hissəsi bitdikdən sonra tələbələrin hazırladığı bədii proqram təqdim olundu. Onların səsləndirdiyi vətənpərvər şeirlər, "Can Azərbaycan", "Qarabağ" və "Millətəm" mahnılarının xor ifası tədbir iştirakçılarına duyğulu anlar yaşatdı. Həmçinin, tələbələr tərəfindən hazırlanan vətənpərvərlik mövzusunda qısa videoçarx nümayiş etdirildi.
Tədbirin sonunda cənab Asəf Ruşanov və digər qonaqlar şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə sağlamlıq diləyərək bu cür vətənpərvərlik tədbirlərinin davam etdiriləcəyini vurğuladılar.