"Naxçıvan through the eyes of foreign students" – "Xarici tələbələrin gözü ilə Naxçıvan" mövzusunda İngilis dilində dəyirmi masa keçirildi.
2024-cü il dekabrın 13-də Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Xarici dillər fənn birləşməsi komissiyasının təşkilatçılığı ilə "Naxçıvan through the eyes of foreign students" – "Xarici tələbələrin gözü ilə Naxçıvan" mövzusunda İngilis dilində dəyirmi masa keçirildi. Tədbir, Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar təşkil edilmişdi və xarici tələbələrin Naxçıvan barədə təcrübələrini, təsəvvürlərini paylaşmaları məqsədini daşıyırdı.
Tədbirə, Naxçıvanda təhsil alan əcnəbi tələbələr də dəvət olunmuşdu. Dəyirmi masa, kollecin direktoru Asəf Ruşanovun açılış nitqi ilə başladı. Direktor, tədbirin əhəmiyyətini vurğulayaraq, Naxçıvanın zəngin tarixi, mədəniyyəti, təbiəti və inkişafı haqqında geniş məlumat verdi. O, həmçinin Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar keçən müddət ərzində əldə olunan uğurlara diqqət çəkdi və əcnəbi tələbələrin bu uğurları daha yaxından tanımalarının vacibliyini qeyd etdi.
Daha sonra tədbir iştirakçıları – müəllimlər və tələbələr öz fikirlərini bildirdilər. Xarici tələbələr Naxçıvan haqqında müsbət təəssüratlarını, gördükləri mədəniyyət fərqliliklərini, həmçinin bu torpaqlarda təhsil almağın onlara qazandırdığı üstünlükləri dilə gətirdilər. Onlar Naxçıvanın qədim tarixini, zəngin mədəni irsini və təbiətinin gözəlliyini xüsusi olaraq vurğuladılar. Müzakirələr zamanı iştirakçılar bir-birilərinin fikirlərini dinlədilər və müxtəlif mövzularda maraqlı mübahisələr apardılar.
Tədbirin sonunda, tələbələrin hazırladığı musiqi nömrələri və şeirlər dinlənildi. Bu nömrələr, tələbələrin öz yaradıcılıqlarını nümayiş etdirdiyi və Naxçıvana olan sevgilərini ifadə etdiyi gözəl anlar oldu. Həmçinin, Naxçıvanın mədəniyyəti, təbiəti və tarixi haqqında hazırlanan videoçarx izlənildi. Bu videoçarx, Naxçıvanın müxtəlif bölgələrinin gözəlliklərini, mədəniyyətini və inkişafını əks etdirən təsvirlərlə təqdim olundu.
Tədbir, tələbələrin bir-biriləri ilə mədəni əlaqələr qurmasına, Naxçıvanın xarici tələbələr tərəfindən daha yaxşı tanınmasına, eləcə də müzakirələr vasitəsilə müxtəlif baxış bucaqlarının formalaşmasına imkan yaratdı.