5 noyabr 2024-cü il tarixində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Texniki Kollecində "Bələdiyyə və təhsil: yerli özünüidarəetmədə gənclərin rolu" mövzusunda tədbir keçirilib.
5 dekabr 2024-cü il tarixində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Texniki Kollecində "Bələdiyyə və təhsil: yerli özünüidarəetmədə gənclərin rolu" mövzusunda tədbir keçirilib. Tədbirdə bələdiyyə idarəçiliyi sahəsində gənclərin iştirakının əhəmiyyəti və bu sahədəki perspektivlər müzakirə olunub.
Tədbirin açılışını Naxçıvan Dövlət Texniki Kollecinin direktoru Asəf Ruşanov edib. O, çıxışında tədbirin məqsədindən və əhəmiyyətindən bəhs edərək, bələdiyyə idarəçiliyində gənclərin fəal iştirakının vacibliyini vurğulayıb.
Daha sonra Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin rəisi Xəyal Eyvazov "Müasir idarəetmə forması olan yerli özünüidarəetmənin tarixi və inkişafı" mövzusunda çıxış edib. O, yerli özünüidarəetmənin keçdiyi inkişaf mərhələləri, bələdiyyələrin formalaşması və onların qanunvericilik çərçivəsindəki funksiyaları haqqında geniş məlumat verib.
Tədbirdə növbəti çıxışı, Naxçıvan şəhəri Naxçıvan bələdiyyəsinin sədri və Şəhər bələdiyyələri assosiasiyasının sədri Nuraləm İbrahimov "Bələdiyyə assosiasiyalarının yerli özünüidarəetmə inkişafında rolu" mövzusunda çıxış edib. O, assosiasiyaların bələdiyyələr arasında təcrübə mübadiləsini gücləndirdiyini və yerli özünüidarəetmə sahəsində gənclərin maarifləndirilməsi üçün xüsusi proqramların əhəmiyyətini qeyd edib.
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin əməkdaşı Təbriz Eyvazlı isə "Bələdiyyə idarəçiliyində gənclərin rolu və iştirakının əhəmiyyəti" mövzusunda təqdimatla çıxış edib. O, gənclərin bələdiyyə idarəetməsində aktiv iştirakının yerli problemlərin həllində yeni yanaşmalar gətirdiyini və onların idarəçilikdə iştirakının təşviq edilməsinin vacib olduğunu vurğulayıb.
Tədbir müzakirələrlə davam edib. İştirakçılar mövzu ətrafında fikir mübadiləsi apararaq, gənclərin yerli idarəetmədə daha çox iştirak etməsi üçün təkliflər irəli sürüblər. Tədbir iştirakçıları belə təşəbbüslərin gənclərin inkişafında mühüm rol oynadığını vurğulayıblar.