Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində 2023-2024-cü tədris ilinin məzunlarına diplomların təqdim edilməsi münasibətilə tədbir keçirilib.
Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində 2023-2024-cü tədris ilinin məzunlarına diplomların təqdim edilməsi münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan kollecin direktoru Asəf Ruşanov məlumat üçün bildirib ki, bu tədris ilində kolleci 17 qrupdan ümumilikdə 247 nəfər məzun olub. Onlardan 149 nəfər 3 illik, 98 nəfər isə 4 illik təhsil müddətini müvəffəqiyyətlə başa vurub. Fərqlənmə diplomuna layiq görülən 21 nəfər məzunun xüsusi əzmi və bilikləri qeyd olunub. 226 nəfər isə adi diplomla məzun olub.
Direktor əlavə edib ki, bu il məzunların 92 nəfəri Azərbaycanın müxtəlif ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunub. Onlardan 69 nəfəri Naxçıvan Dövlət Universitetinə daxil olub. Ümumilikdə isə 105 məzun ali təhsil müəssisələrinə qəbul olunub ki, onların 80 nəfəri Naxçıvan Dövlət Universitetinin müxtəlif ixtisaslarına qəbul edilib.
Tədbirdə daha sonra Naxçıvan Dövlət Universitetinin rektoru, cənab Elbrus İsayev çıxış edib. Rektor kollecin məzunlarını təbrik edərək, onların universitetdə təhsil alacaqları müddət ərzində hərtərəfli inkişaf edəcəklərini vurğulayıb. O, universitetdə tələbələr üçün yaradılmış geniş imkanlardan, müasir tədris metodlarından və gələcək karyeraları üçün təqdim olunan şəraitdən danışıb. Elbrus İsayev bildirib ki, kollecin məzunları universitetin müxtəlif ixtisaslarında təhsil alaraq, gələcəkdə ölkənin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq mütəxəssislərə çevriləcək.
Tədbirin sonunda məzunlara diplomlar təqdim edilib və xatirə şəkilləri çəkilib. Bu tədbir, kollecdə həyata keçirilən təhsil fəaliyyətinin uğurlu nəticələrinin bir göstəricisi kimi yadda qalıb.